Domen nedir?

Domen nədir, nəyə lazımdır? Klassik tərifi ilə desək, domen bir saytın internetdəki adı, həm də ünvanıdır. Bu ad vasitəsilə internet istifadəçiləri həmin saytı asanlıqla tapa bilir, daxil olaraq ondan istifadə edirlər. Nümunə verməli olsaq, sizin hal-hazırda bu məqaləni oxuduğunuz saytın domeni domenox.com-dur.

Domen quruluş olaraq iki hissədən ibarətdir:

1. Domen adı

2. Domen sonluğu

Domen adı, domenin nöqtəyə qədər olan hissəsinə deyilir və saytın və ya saytın aid olduğu şəxsin, fəaliyyətin və ya biznesin adını bildirir. Domenin nöqtədən sonra gələn hissəsinə isə domen sonluğu deyilir ki, bu hissə də öz növbəsində saytın, onun fəaliyyəti və ya təyinatı haqqda müəyyən informasiya verir. Yuxarıdakı nümunəyə qayıtsaq, bu saytın domen adı “domenox”, domen sonluğu isə “.com”-dur.

İstənilən domen adını almaq mümkündürmü?

Prinsipcə istədiyiniz domen adı seçmək mümkün olsa da, texniki olaraq müəyyən məhdudiyyətlər var. Belə ki, almaq istədiyiniz domen adı:

iki xarakterdən (hərf, rəqəm və ya işarə) az olmamalıdır (.az sonluqlu domenlər üçün bu limit üçdür);

yalnız hərflərdən, rəqəmlərdən, tire (-) və alt xətt (_) işarələrindən ibarət olmalıdır;

boş olmalıdır. Yəni, başqa bir şəxs tərəfindən alınmamış olmalıdır.

Bu məqamda bir məsələni də qeyd edək ki, əslində domen adını almaq mümkün deyil, onu sadəcə olaraq 1 ildən 10 ilə qədər müddətdə icarələyə bilərsiniz. Yəni, domen almaq deyilərkən, əslində domeni icarərəyə götürmək nəzərdə tutulur.

Yuxarıda qeyd edilən texniki məqamları nəzərə alaraq istədiyiniz domen adını seçə bilərsiniz. Lakin, domen adı seçərkən diqqət etməli olduğunuz doğru ad seçimi, saytınız axtarış sistemlərində yuxarı sıralarda çıxmasına təsir edəcək ad seçimi kimi digər müxtəlif məqamlar da var ki, hansı ki, bu məqamlar gələcəkdə saytınızın fəaliyyəti üçün əhməiyyətli rol oynayacqdır.

İstənilən sonluqlu domen almaq mümkündürmü?

Təəssüf ki, xeyr. Texniki olaraq domen sonluğu seçmək domen adı seçməkdən daha qəlizdir. Belə ki, siz yalnız ICANN (Adların və Nömrələrinin Təyinatı üzrə İnternet Kooperasiyası) tərəfindən təsdiqlənmiş sonluqları seçə bilərsiniz. ICANN tərəfindən təsdiqlənmiş domen sonluqlarının seçimində də bəzi məhdudiyyətlər var ki, bu haqda aşağıda bəhs edəcəyik.

Domen sonluqları da bir neçə qrupa bölünürlər.

Yüksək Səviyyəli Domenlər (TLD – Top Level Domains): .com, .net, .org, .biz, .info və s. kimi sonluqlar bu qrupa aiddir.

Yeni Yüksək Səviyyəli Domenlər (nTLD – New Top Level Domains): .news, .online, .club, .tech və s. kimi sonluqlar bu qrupa iddir.

Ölkə Kodlu Yüksək Domenlər (ccTLD – Country Code Top Level Domains): .az, .ru, .fr və s. kimi, ölkə sonluqlu domen adları da bu qrupa aiddirlər.

TLD və nTLD-lərin qeydiyyatına heç bir məhdudiyyət olmasa da, bəzi ccTLD-lərin qeydiyyatı zamanı həmin ölkədə qeydiyyatda olduğunuzu təsdiq edən müvafiq sənədlər tələb olunur. Bunun xaricində domen sonluğu seçimində hər hansı bir məhdudiyyət yoxdur. Amma unutmamaq lazımdır ki, domen sonluğu seçimi də saytınız gələcək fəaliyyətinə, biznesiniz üçün seçdiyiniz hədəf bazarlara domen adı qədər təsir göstərir. Buna görə də domen sonluğu seçərkən digər önəmli məqamlara da fikir verilməlidir.

Domeni hardan alırlar?

Domen qeydiyyatı ilə məşğul olan çox saylı şirkətlər var. Yerli .az sonluğunun rəsmi qeydiyyatçısı Online.az-dır. Bundan başqa bazarda SmarthostSayt.az kimi şirkətlər də .az sonluğunun qeydiyyatını aparsalar da, domen idarəetməsiylə bağlı texniki imkanlarının məhdud olması səbəbindən tövsiyyə olunmur. Digər domen sonluqlarını isə Hostimul, Ourhost kimi yerli, GoDaddy, Domain.com, Namecheap və s. beynəlxalq provayderlərdən qeydiyyatdan keçirə bilərsiniz. Qiymətlər isə domen sonluğundan aslı olaraq dəyişir. Belə ki, .az domenin illik qiyməti ilk il üçün 40 AZN, növbəti illər üçünsə 20 AZN-dir. TLD-lərin qiymətləri 20 - 40 AZN intervalında dəyişir. nTLD-lərin qiyməti isə nisbətən daha baha başa gəlir.

Beləliklə, domen bir saytın əsas elementlərindən biridir və domen adı olmadan saytlardan istifadə etmək, demək olar ki, mümkün deyil (saytın yerləşdiyi serverin IP ünvanını vasitəsilə istifadə etmək mümkün olsa da, bu proses qəliz olduğu üçün tövsiyə olunmur).