Qədim Romada insanlar adların latınca "Nomen est omen." (Adlar işarədir.) atalar sözündə də vurğulanan təsiredici qüvvəyə malik olduğuna inanırdılar. Adlar güclü assosiasiyaları yaradır və digər insanların bizim haqqımızda düşüncələrinə şüuraltı təsir edir. Domen adları da bizneslərin rəqəmsal kimliyini təyin edir. Ona görə də domen adınız mütləq biznesinizi özündə əks etdirməlidir.

Bəs biznesiniz üçün doğru domen adını necə seçməli?

Biznesinizi və ya gördüyünüz işi əks etdirən domen adı seçin.

Seçdiyiniz domen adı mütləq şəkildə biznesinizi və ya gördüyünüz işi özündə əks etdirməlidir. Əgər şirkətiniz və ya brendiniz üçün domen adı seçirsinizə, domen adınızın şirkətinizin və ya brendinizin adıyla eyni olmasına xüsusi diqqət göstərin. Bu, insanların sizi interetdə rahatlıqla tapmasına kömək edəcək. Digər tərəfdən domen adınız bruazerin pəncərəsinə daxil edənlər biznesinizin adını bir növ zehinlərinə də həkk etmiş olacaqlar.

Şirkətinizin və ya brendinizinn adının uzun olması sizi təbii olaraq narahat edə bilər. Uzun domen adının yazılışının qəliz olduğunu, bu qəlizliyin yuxarıda sadalanann önəmli faktorları aradan qaldırdacağını və bu səbədən daha qısa domen adı seçməyi düşünə bilərsiniz. Amma unutmayın ki, seçəcəyiniz daha qısa ad biznesinizlə tam asossasiya olunmayacaq. Məhz bu səbəbdən Paşa Holding, Gilan Holding kimi böyük holdinqlər və ya Melissa Group, Huner Group kimi şirkət qrupları domen adlarına mütləq müvafiq sözləri də daxil edirlər.

Digər tərəfdən, biznesininizin adını tam əks etdirməyən, qısa domen adı seçmək biznesinizə, biznes imicinizə ciddi xələl gətirə bilər. Yuxarıda adını keçən şirkətlərdən nümunə verməli olsaq, təsəvvür edin ki, Melissa Group domen adı olaraq melissagroup.az-ı yox, melissa.az-ı seçib. Bu zaman rəqibləri, eləcə də digər müəssisə və ya fərdlər melissagroup.az domen adını ala və numunə@melissagroup.az e-poçt ünvanı vasitəsilə Melissa Group adından digər müəssisə və təşkilatlara bu və ya digər məqsədlərlə müxtəlif təyinatlı, o cümlədən fişinq məqsədilə e-poçtlar göndərək sizin adınızdan sui-istifadə edə bilər və yaxid imicizinizə zərər vura bilərlər.

Öncəki paraqraflarda vurğulanan məqamları anlayır, amma hələ də domen adınının uzunluğu ilə bağlı tərəddüd edirsinizə, hər iki variantı alın və uzun domen adını qısaya yönləndirin.

Göstərdiyiniz xidmətlə bağlı domen adı seçirsinizəsə , domen adı mümkün qədər xidməti də özündə əks etdirməlidir. Bu, ilk növbədə həmin xidmət növüylə sizi asossasiya edəcək. Viza xidmətləri göstərən bir şirkətin öz xidmətlərini viza.az domen adıyla təqdim etməsi buna nümunə göstərə bilərik. Digər tərəfdən domen adınızın xidmətin adını özündə əks etdirməsi axtarış sistemlərində sizin vebsaytınızın yuxarı sıralarda çıxmasına çox ciddi töhvə verir. Ən çox istifadə olunan axtarış sistemi olan Google-un alqoritmləri kardioloq axtaran şəxsə kardioloq.az vebsaytını drfilankəsfilankəsov.az və ya filankəsfilankəsov.az vebsaytlarından daha yuxarıda təqdim edəcəkdir.

Doğru yazılışı seçin.

Unutmayın ki, domen adınız həm də biznesinizin rəqəmsal dünyadakı ünvanıdır. Ünvanın yazılışında kiçik bir səhv belə potensial müştərilərinizin sizi tapa bilməməsinə və nəticədə onların itirilməsinə gətirib çıxara bilər. Bu kimi halların qarşısını almaq üçün aşağıda qeyd edilənlərə mütləq fikir verin.

Rəqəmlərdən istifadə etməyin.

Domen adında rəqəmlər qarışıqlığa səbəb olacaq. Əksərən domen adları hərflərdən ibarət olduğu üçün rəqəmsal dünyaya çox da bələd olmayan insanlar domen adınızı yazarkən rəqəmi həriflərlə daxil edəcəklər. Bu halla bağlı ən gözəl nümunə Kapital Bankın 1 Kart kredit kartının domen adıdır. Kapital Bank hər nə qədər məhsulun brendinqi “1 Kart” şəklində etsə də, domen adını birkat.az olaraq seçib.
Digər tərəfdən, bu qarşıqlıq vebsəhifənizin axtarış sistemlərində yuxarı sıralarda çıxmasına da mənfi təsir göstərəcək. Yenə 1 Kart nümunəsinə qayıtsaq, Google üçün “bir kart” və “1 kart” tamamilə ayrı ifadələrdir.

Tire (-) işarəsindən istifadə etməyin.

Domen adınızda tire işarəsindən istifadə etmək biznesinizin rəqəmsal brendə çevrilməsinin qarşısında ciddi əngəl olacaq. Bir şəxsin digərinə sizin vebsəhifəni tövsiyə edərəkən “bir tire kart aza gir”deyəcək və sizin brendinizin adı artıq “Bir Kart” yox, “Bir Tire Kart” olaraq formalaşacaq.

Müəsisənin hüquqi formasını qeyd etməyin.

Təhsis etdiyiniz müəssisənin hüquqi forması yalnız siz və mühasibiniz üçün önəmlidir. Potensial müştəriləriniz üçün bu heç bir əhəmiyyət daşımır. Ona görə domen adı seçərkən nümunəmmc.az və ya nümunəltd.az kimi adlar seçməyin. Əmin olun ki, heç kəs sizi axtararkən axtarış sistemləriə Nümunəmmc və ya Nümumunəltd olaraq axtarmayacaq. Ümumiyyətlə, bu kimi sonluqlar səslənişləri etibarı ilə brendinizin adını qulağa xoş gəlməyən hala salacaq.

Brendləşdirililməyə uyğun ad seçin.

Bu nüansa biznes üçün ad fikirləşərkən fikir verilməlidir. Biznesinizin, o cümlədən domeninizin adı brendləşdirilməyə uyğun olmalıdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti uzun illər ARDNŞ “adıyla” (abrevasiyası ilə) fəaliyyət göstərirdi. Amma beynəlxalq bir brend olmaq üçün ARDNŞ adı heç də uyğun ad deyildi. Məhz bu səbəbdən şirkət brendləşdirə biləcəyi SOCAR “adını” seçməli oldu.

Doğru domen adına yatırım etməkdən çəkinməyin.

Doğru domen adı seçimində son və bəlkə də ən çətin mərhələ domen adını almaqdır. Çünki, bəzən yuxarıda sadalanan bütün faktorları nəzərə alınaraq seçilən domen adı hansısa domen broker tərəfindən alınmış ola bilər və yüksək qiymətə satışa çıxarıla bilər. Təbii olaraq, ağlınıza gələcək ilk düşüncə “Domen adına bu qədər pul verərlər?” olacaqdır. Amma unutmayın ki, siz hər hansı asdfghjkl.az domen adın almırsınız, məhz biznesinizin rəqəmsal kimliyinə investisiya qoyursunuz. Əmin olun ki, biznesiniz böyüdükcə, brendiniz məşhurlaşdıqca baha olduğunu düşündüyünüz həmin o domen adının qiyməti daha da bahalaşacaq. Siz isə əvvəl-axır o adı almalı olacaqsınız. Bu kimi hallar üçün ən gözəl real nümunə Elon Maskın Tesla Motors şirkətidir. 2003-cü ildə təhsis edilən Tesla Motors şirkəti 2016-cı ildə tesla.com domen adı üçün 11 milyon ABŞ dolları ödəməli oldu. Şirkət o domen adını 2003-cü ildə alsaydı, yəqin ki, bu, şirkətə çox daha ucuz başa gələrdi.

Günümüzdə informasiya texnologiylarının sürətli inkişafı bizneslərin rəqəmsal dünyada mövcudluğunu qaçınılmaz edir. Çox yaxın gələcəkdə rəqəmsal olaraq mövcud olmayan heç bir biznesin mövcud və ya uğurlu olma ehtimalı qalmayacaq. Bu fakt bizneslərin rəqəmsal dünyaya uğurlu transformasiyasını labüd edir. Bu prizmadan yanaşaraq belə nəticəyə gəlmək olar ki, doğru domen adı seçimi biznesinizin gələcəyi üçün çox ciddi əhəmiyyət kəsb edir. Ona görə də doğru domen adını seçərək biznesinizin rəqmsal kimliyinə, hətta gələcəyinə uğurlu bir yatırım etmiş olacaqsınız.